»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv

  
BAŞ SƏHİFƏ ƏLAQƏ
SON DƏQİQƏ : Erməni silahlıları atəşkəsi 35 dəfə pozub  •   Silahlı Qüvvələrimiz irimiqyaslı təlimlər başladı  •   İrimiqyaslı təlimlərin birinci mərhələsi başladı – Foto/Video  •   Kəlbəcərin ən son görüntüləri yayıldı - Foto  •   Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub  •   Girovluqda olan soydaşımızdan məktub: “Dilqəmi başqa yerə aparıblar, səhhəti ağırdır”  •   Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərginləşməsi barədə məlumat yayıb  •   Ermənilər sərhəddə təxribat törətdi  •   Zəngilanın işğalından 23 il ötür  •   Cəbhədə atəşkəs pozuldu  •   Kəlbəcərli girovlar haqqında film çəkildi - Video  •   Cəbhədən son xəbər  •   Füzuli və Cəbrayılsız 23 il  •   Cəbhədən ən son xəbər  •   BBC Kəlbəcərdən reportaj hazırladı - Fotolar  •   Düşmən atəşkəsi 13 dəfə pozub  •   Millət vəkili Cavid Qurbanov Kəlbəcərlilərin problemlərini daim diqqətdə saxlayır - Fotolar  •   Erməni silahlı bölmələri atəşkəsi pozub  •   Düşmən atəşkəsi 17 dəfə pozub  •   Ermənilər Qubadlıda yeni yaşayış massivi istifadəyə verdi - Foto  •  
QARABAĞ HAQQINDA SİYASƏT İQTİSADİYYAT CƏMİYYƏT MƏDƏNİYYƏT HADİSƏ DÜNYA İDMAN DİGƏR
» Kəlbəcərli Eldar Həsənovun atası: "Mənim Vətən adlı bir balam da var, onun həsrətini çəkirəm" – Müsahibə
13 Haziran 2016 Pazartesi 20:00
12
14
16
18

O, 1924-cü il iyunun 15-də gözəlliklər diyarı Kəlbəcərin Laçın kəndində doğulub. Hümmət Məhəmməd oğlu Həsənovun doğulduğu Laçın kəndi, həqiqətən dağlar qoynunda göylərə pərvaz edən laçına bənzəyir. 1931-ci ildə Laçın kənd ibtidai məktəbinin birinci sinfinə gedən Hümmət Məhəmməd oğlu dördüncü sinifdən sonra təhsilini Zülfüqarlı kəndində davam etdirib, 1938-ci ildə orta məktəbi bitirib Gəncə şəhər Klara Setkin adına Pedoqoji İnstitutun qiyabi şöbəsinə daxil olub. 1942-ci ildə institutu bitirən gənc mütəxəssis doğma kəndlərində müəllim kimi fəaliyyətə başlayıb. Təşkilatçılıq bacarığı nəzərə alınaraq, sonralar həmin məktəbin direktoru kimi fəaliyyət göstərib.

1951-ci iln mart ayında Azərbaycan KP MK-nın qərarına əsasən kəlbəcər rayonunun dörd kalxozu–“Qızıl əsgər” (Almaliq kəndi), “Bəsti Bağırova” (Ağ qaya kəndi), “8 Mart” (Laçın kəndi) “Dimitriyev” (Mərcimək kəndi) ləğv edilərək bir təsərrüfatda “Dimitriyev” kalxozu adı altında birləşdirilir və Hümmət Həsənov düz beş il həmin kalxoza rəhbərlik edir. O illərdə kəndlərin elektirikləşdirilməsi, yeni yolların salınması, məktəb, mağaza, mədəniyyət evlərinin tikintisi Hümmət müəllimin adı ilə bağlidır. Tulxun çayı üzərində körpü salınmasını da əlavə etmək lazımdır. 1955-ci ildən 1988-ci ilə kimi doğma kəndlərində müəllim və direktor işləyən Hümmət müəllim 1988-ci ildən təqaüddədir.

Onun təsərrüfata rəhbərliyi, müəllim kimi şərəfli əməyi dövlət tərəfindən layqincə qiymətləndirilmiş, Hümmət Həsənov “Arxa cəbhədə qulluğa görə”, “Stalin” və “Lenin” yubiley medalları, fəxri fərmanlar və mükafatlarla təltif edilmişdir.

1993-cü ilin aprel ayından – Kəlbəcərin ermənilər tərəfindən işğalından sonra Bakıya köçən Hümmət Məhəmmdəd oğulu Həsənov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Əməyinə verilən bu yüksək qiymətə görə ölkə başçısına dərin təşəkkürünü bildirən Hümmət müəllim, həmçinin iki dəfə Azərbaycan müəllimlərinin qurultaylarına nümayəndə seçilmişdir. Eyni zamanda, Hümmət müəllimin sinəsini “Qabaqcıl marif xadimi” döş nişanı bəzəyir. Onun dərs dediyi şagirdlər indi ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif məsul vəsifələrdə çalışırlar. Bir vaxt Hümmət müəllimin şagirdi olması ilə fəxr edən neçə-neçə elmlər doktoru, professor, general, ədəbiyyat və elm xadimi 92 yaşa çatmış müdrik el ağsaqqalını, maarif xadimini unutmur, onunla fəxr edirlər.

Müdrik el ağsaqqalı Hümmət Həsənovla görüşüb, söhbətləşməyimizin özü, əslində, bugünkü gənclik üçün bir örnək, məktəbdir. Hümmət müəllim dağ vüqarı, nikbinliyi, sabaha inamı ilə hər bir kəlbəcərliyə nümunədir. Onun söz-söhbəti düşünürəm ki, oxucularımız üçün də maraqlıdır:

Hümmət əmi, hər kəs Sizi el ağsaqqalı, ağır günlərin sınaqlarından çıxmış dəyanətli, mərd, sözübütöv bir kişi kimi tanıyır. El-obanın verdiyi qiymət illərin sınağından keçmiş qiymətdir. O, var-dövlətlə, malla–pulla ölçülməz. Bu mənada, az qala, bir əsrə yaxın şərəfli ömür yaşamış insan kimi çox varlısınız, elə deyilmi?


– Çox sağol, qızım, sualının yükü ağırdır. Lap aranı dağa, dağı arana aparıb-gətirdin. Mən gözümü dağların qoynunda açmışam. Dövlətim məhəbbət, varım səxavət olub. Yəni doğulduğum evdə, eldə-obada hamı bir-birinə hörmət, məhəbbət bəsləyib, son tikəsini bir-birilə bölüşüb. O boyda çətinliklərin içində mən insanları əyilən, sınan, aciz qalan görməmişəm. İnsanlar, elə bil, təbiətdən yaxşılıq öyrəniblər. Bir də ki, bu qoca, müdrik dağlar insanlara çox şey öyrədib. Doğmaya qucaq açmağı, düşmənə qarşı səngər olmağı, gecə-gündüz çalışmağı, arı kimi pətəyinə bal, qarışqa kimi yuvasına dən daşımağı öyrədib. Mən atamdan-babamdan, elimdən-obamdan, bu ulu dağlardan aldığım ən gözəl insani keyfiyyətləri insanlara qaytarmışam. Bilirsiniz, ən böyük, ən müdrik müəllim bu ana təbiətdir. Onun sınağından çıxıb, imtahanından kəsilməyən adam həyatda hər şeyə qadirdir.

– Hümmət əmi, deyirlər, Laçın kəndinə yolu da sizin təşəbbüsünüzlə çəkiblər, Söhrab Tahir gözəl deyir:
Qızıl taxıl dənəsidi yaxşılıq,


Ver özgəyə, dönəsidi yaxşılıq.


– Bilirsən, qızım, Laçın kəndində gördüyüm işləri el-obamın, insanların rahatlığı üçün eləmişəm. Yoldu, körpüdü, binadı, ağacdı – bunlar nişanədi, yadigardı. Yoldan, körpüdən insanlar keçib gedir, bu xeyirxahlığı edənə rəhmət oxuyurlar. Binalarda yaşayanlar rahatlığa görə həmişə o binanı tikdirəni xoş anlarla yad edirlər. Ağacın kölgəsində dincələnlər o ağacı əkənin ruhuna dua oxuyurlar. Görürsünüzmü, xeyirxahlıq, yaxşılıq nə gözəl şeydir! İnsan özü belə hiss etmədən yolla, binayla, ağacla heykəlləşir, xatirələrdə yaşayır.

– Sizi həm təbiət aşiqi, həm də mahir ovçu kimi tanyırlar. Sizə elə gəlmirmi ki, bunlar bir-birilə uyuşmur?!
– Mən təbiətin, gözəlliyin aşiqi, “ovçu”su olmuşam. Kəlbəcərin gözəlliyi qarşısında əsir olmamaq mümkünmü? Ova isə çox vaxt təbiəti seyr etmək, dincəlmək üçün çıxmışam. Amma bir dəfə kənddə sevimli şagirdim olmuş Qubad İbrahim oğlunun sözünü yerə salmamışam. Qubad çox mərd, ağır təbiətli, el-obasına bağlı bir oğlan idi. Köçüb rayonda yaşayırdılar. Nə sözüm olsaydı, yerə salmazdı. Bir gün kəndə gəlib dedi ki, Hümmət müəllim, qadan alım, ağsaqqalım, müəllimimsiniz, utanıram da deməyə. Siz mahir ovçusunuz, mənə ovlanmış bir cüyür lazımdı. Soruşdum ki, cüyürü neynəyirsən? Dedi ki, avtokalonun müdirinə verəcəyəm. Söz verib ki, cüyür vurub gətirsən, səni avtobus sürücüsü kimi işə götürəcəyəm. Qubadı əmioğlum Qəzənfəri, Comərd kəndindən Xanları da götürüb ova getdik. Çovdar-Şahkərəm kəndində qəşəng bir cüyür vurdum, dərisini soyub, verdim Qubada, o da sevincək aparıb verdi avtokalonun müdirinə, ondan sonra avtobusu götürüb verdi Qubada işlətməyə.

– Rəhmətlik Mənzər nənəylə uzun bir ömür yaşamısınız, çox ləyaqətli, tərbiyəli, nümunəvi övladlar böyütmüsünüz. Gənclik illərinizi necə xatırlayırsınız?


– Mənzər qonşu Bağlıpəyə kəndindən idi. Özümün bəyənib sevib-seçdiyim qız idi. Evləndik, gözəl ömür sürdük. 2002-ci ildə haqq dünyasına qovuşdu. Son dərəcə mehriban, fədakar, qeyrətli, övladları, ailəsi üçün həyatını verən bir qadın idi. Mən həmişə işdə-gücdə olmuşam. Uşaqların tərbiyəsi ilə o məşğul olub. Mən bu gün övladlarıma, nəvələrimə, nəticələrimə fərəhlə baxanda gözlərim dolur. Uşaqların hamısının üzərində Mənzərin əzab-əziyyəti çox olub. Bir sözlə, əsl ana idı. Böyük həriflərlə yazılacaq Azərbaycan ANASI!

– Övladlarınızdan, onların cəmiyyətdə tutduğu mövqedən bir ata kimi razısınızmı?


–  Ata övladları ilə ucadır. Mənim üçün övlad vətəndir. Eldar hüquq elmləri doktoru, professordur, təcrübəli diplomatdır. Azərbaycan Respublikasının serbiyadakı fövqəladə və səlahiyyətli səfri, II dərəcəli dövlət ədliyyə müşaviridir. Şahin texnika elmləri doktoru, professordur. Ələkbər hüquq üzrə fəlsəfə doktorudur, o biri övladlarım da hamısı təhsilli, ağıllı-kamallıdırlar. Amma mənim Vətən adlı bir balam da var. Yaşımın bu ixtiyar çağında işğal altında olan o balanın – yurdumun, elimin-obamın həsrətini çəkirəm. Mənimlə birlikdə balalarım o həsrəti, o zilləti yaşayır. Qəribədir, öz yurdunun içində elə bil qəribsən, yurdunda, doğulduğun yerdə ölmək, torpağa qovuşmaq istəyirsən. Vətən insanın ilham qaynağı, güc aldığı bir məkandır. Bu müqəddəs vətəndə yaşayıb-yaratmağı, öləndə torpağına qarışmağı kim arzulamır ki?! Vətən hissinin məndə nə qədər güclü olduğunu övladlarım da yaxşı bilir. Mən onların hər birinə hərəkətimlə, yerişimlə, duruşumla vətən dərsi keçmişəm. Mən həm də müəlliməm, axı. Müəllim övladı olmaq, müəllim çörəyi yemək də bilirsiniz, Azərbaycanda, Kəlbəcərdə nə deməkdir. Bir ata kimi övladlarımla fəxr edirəm. Ən başlıcası onlardakı vətən sevgisinə görə qürur hissi keçirirəm. 8 övadım – beş oğlum, üç qızım, 25 nəvəm, 26 nəticəm böyük bir nəslin zəncirbəndidir.  Düşünürəm ki, sonra gələn nəslin davamçıları bu zənciri qırılmağa qoymayacaq.

– Bəs, Kəlbəcər dərdini necə daşıyırsınız?


– Daşımıram, ay qızım, ölüb-dirilirəm. Böyük Məmməd Arazın yaxşı bir şeiri var:


Tanrım məni məndən qopar,
Qoş məni dağ küləyinə.
Dağların bəyaz qarından
Rəng alan ağ küləyinə.

Öz nəğməsi daşın, qumun..
Nəyim qalır, nə də umum...
Söykənim doğma yurdumun
Xəfif, yumşaq küləyinə.

– “Kəlbəcərin saz qalası” kitabımda Eldar müəllimlə müsahibəmdə yazmışdım ki, doğulduğum yurd yeri üçün ruhum alışanda, bağrım yananda, gözlərim dolanda əfsanələrdən gələn qaranquş fədakarlığı yadıma düşür. İsti yerlərə uçub getmiş qaranquş yazağzı köhnə yurda dönəndə yuva qurduğu evin alovlar içində yandığını görüb, özünü dəryaya çırpır, dimdiyində su gətirib yanan evi – ocağı, yuvasını xilas etmək istəyir. Mən həmişə hər bir vətən övladında bax o qaranquş fədakarlığını görmək istəyirəm.


– Çox ibrətamiz misaldı... Vətən heç vaxt insandan aldığının haqq-hesabını çəkməz. O bizim həm də ananmızdır. Ana baladan nə umar? Bizim hər birimiz əlimizdən nə kömək gəlirsə, etməliyik.

–  Hümmət əmi, 92 yaşa gəlib çatmağın özü də hünərdi. Sizi kəlbəcərlilər adından bu şərəfli ad gününüz münasibətilə təbrik edirəm və 100 yaşınızın tamamında da sizi təbrik etmək istərdim. Allahdan bir təmənnam, bir istəyim də var: nəslininizin adını, millətimizin şərəfini uca tutan övladlarınızın başı qoy vətən qarşısında həmişə uca olsun! Allah bizə Kəlbəcərimizdə görüşməyi qismət etsin! Bundan böyük səadət görmürəm.

Oxunub : 1713
 
YAZARLAR
Leyla Əliyeva
Sən elə gözəlsən ki...
Mahir Qabiloğlu
Qubadlıda olmamışam, amma oranı altı dəfə “görmüşəm”
Vaqif Səlimov
20 ildir Kəlbəcərə getmirəm....
Ləman Piriyev
İnsan niyə intihar edir?
Nikbin Qasımlı
Məndil müharibəsi (Monofobiya terminologiyası silsiləsindən) hekayə termini
Fazil Mustafa
Müharibəni kim aparacaq?
Arzu Hüseyn
On İl Sonra
Qan Turalı
Qızın gizlətdiyi quş
Elməddin Nicat
İçimdə Hərlənən Adam
Hidayət Sönməz
“Yox”la “get” arasında sevgi qığılcımı (Şeir)
Ən çox oxunanlar bu həftə | bu ay
İstatistik

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

REDAKTOR
Seymur Yusifov
Email: info@qarabagxeber.com
Copyright © 2014 Qarabagxeber.com - Müəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması, saytımıza istinad mütləqdir.